Mənfur qonşularımızın düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən elektrik enerjisi ilə yanaşı, təbii qazın da kəsilməsi, dəmir yolunun fəaliyyətinin dayandırılması Naxçıvanın bütün sahələrdə vəziyyətini çətinləşdirməyə başlamışdır. O dövrdə yalnız “Araz Su Elektrik Stansiyası”nda istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülürdü.
Muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilən ulu öndərimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilməyə başlandı.
Ulu öndərin qonşu dövlətlərlə danışıqlar aparması hesabına muxtar respublikanın elektrik enerjisi təminatında bir qədər müsbətə doğru dəyişiklik olsa da, lakin bu, azlıq edirdi. Ölkə paytaxtından neft, dizel yanacağı kimi yanacaqların gəlməməsi elektrik enerjisinə olan tələbatı gündən-günə artırırdı.Taleyin bir qisməti də o idi ki, belə ağır bir dövrü Ulu öndərimiz biz naxçıvanlılarla birgə yaşamalı olmuşdu. O da bizlər kim soyuq evdə, çıraq işığında yaşamışdır. Lakin böyük şəxsiyyətin varlığı naxçıvanlılar üçün böyük təsəlli idi. Onlar başa düşürdülər ki, Naxçıvanı bu vəziyyətdən yalnız böyük Heydər Əliyev çıxara, Naxçıvana yeni həyatı O bəxş edə bilərdi.
1992-ci ildə Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl tərəfindən Naxçıvana yeddi ədəd qaz-turbin elektrik qurğuları hədiyyə edildi. Dizel yanacağı ilə işləyən 4 ədəd 60 meqavat gücündə qurğular “Babək” elektrik yarımstansiyasında quraşdırıldı. Buna baxmayaraq muxtar respublika sakinlərinə fasilələrlə elektrik enerjisi verilirdi, artıq insanlar bu rejimə alışmağa başlamışdılar. 2 saat yanıb 6-8 saat olmayan, sonralar 4 saatdan bir 2 saat, daha sonralar isə 2 saatdan bir 2 saat verilən işıq normasına uyğunlaşdırmışdılar, çünki başqa çarələri yox idi.
Sonrakı dövrlərdə əhalisi artan, iqtisadiyyatı gündən-günə inkişaf edən, muxtar respublikamızda enerji sisteminin dayanıqlığını, enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni generasiya gücləri tikilib istifadəyə verilmişdir.
«Azərbaycan Republikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2 may 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının enerji turbinləri müqavilələrə və təsdiq olunmuş qrafikə uyğun olaraq dizel yanacağından təbii qaz ilə işləmə rejiminə keçirilmiş, stansiya və yarımstansiyanın bütün əsas avadanlıqları dəyişdirilmiş, yenidənqurma işləri aparılmışdır. 2006-cı ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev stansiyanı işə salmışdır.
Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli yerə sahib olan gücü 87 meqavat olan Naxcıvan Modul Elektrik Stansiyası 2006-cı ildə dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən işə salınmışdır. Stansiyanın yük qrafiki Naxçıvan enerjisistemində tələbatdan asılı olaraq dəyişir.
H.Əliyev Su Anbarı üzərinəki Su Elektrik Stansiyası 2006-cı ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının iştirakı ilə istismara verilmiş, 35 kV-luq “Şahbuz” hava elektrik verilişi xətti vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulmuşdur.
Elektroenergetika sahəsində təhlükəsizliyini təmin etmiş muxtar respublikamız artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edə biləcək bölgəyə çevrilibdir. Muxtar respublikanın elektrik enerjisinin ümumi generasiya gücü 244,8 meqavat təşkil edən iki istilik elektrik stansiyası və beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası, bir külək elektrik stansiyası vardır ki, bu stansiyalardan on bir ədədi müstəqillik illərində tikilib istismara verilmişdir.