Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

ENERJİNİN İSTEHSALI

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında olan elektrik stansiyaları

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətin balansında ümumi qoyuluş gücü 244,8 MVt olan iki istilik elektrik stansiyası və beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası, bir külək elektrik stansiyası vardır. Bu stansiyalardan on bir ədədi müstəqillik illərində tikilib istismara verilmişdir. 2006-cı ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, həmin ildə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası, 2010-cu ildə Gilançay üzərində 20 meqavat gücündə “Biləv” Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilib.

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

        Enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdən biridir. Muxtar respublikada müxtəlif bölgələrdə günəş elektrik stansiyalarının qurulmasının bir çox istiqamətlərdə üstünlükləri var ki, onlardan biri də bölgə əhalisinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir.

 2015-ci ilin dekabr ayında Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 2017-ci ilin sentyabr ayında stansiyanın gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır.

 “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 2019-cu ilin fevral ayının 22-də Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 2020-ci ilin iyul ayının 8-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılmışdır.

 2021-ci ilin  may ayının 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 2022-ci ilin may ayının 5-də stansiyanın gücü 3 meqavat artırılaraq 8 meqavata, 2023-cü ilin iyun ayının 2-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılmışdır.

 2021-ci ilin iyun ayının 18-də isə Culfa rayonunun Gülüstan kəndində 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir. 2022-ci ilin oktyabr ayının 31-də Culfa şəhəri yaxınlığında 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir.