İlk öncə abonentə borcu barəsində məlumat verilir. İstehlakçı elektrik enerjisinə görə yaranmış borcunu hər hasnı bir poçt məntəqəsinə yaxınlaşaraq ona verilən bildiriş vərəqəsini təqdim etməklə borcunu ödəyə bilər. Smart-Kart tipli sayğaclardan istifadə edən abonentlər əvvəlcədən öz sayğac kartlarına yüklədikləri balansdan istədikləri vaxt istifadə edə bilərlər
Orta sərfiyyat, sayğac oxuyucusu mənzilə gəlib göstəricini götürə bilmədikdə, yəni qapı bu və ya digər səbəbdən bağlı olduqda yazılır. Orta sərfiyyat günə 20 kVts olaraq hesablanır. Həqiqi göstərici kompüterə daxil edildikdən sonra avtomatik olaraq orta sərfiyyatla hesablanmış borc silinir. Orta sərfiyyatla bildiriş alan abonentlər 2 (iki) ay ardıcıl olaraq göstəricini özləri söyləyə bilərlər. Üçüncü ay isə Naxçıvan MR Dövlət Energeika Xidməti əməkdaşları bilavasitə göstəricini götürməlidir. Abonent tərəfindən söylənilən göstərici dövr yaratdığı halda operator göstəricini kompüterə daxil etmir və məsələnin aydınlaşdırılması üçün mühəndisə bildirir.
Aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün isə 13,0 qəpik hesablanır.
Balansda hesab bitdikdə və sayğac kartınızın balansı 0 AZN olduqda, sayğac kartını sayğaca daxil edərək 1 Azn kredit almaq olar.
“Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) və 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği müəyyən edilmişdir. http://www.e-qanun.az/framework/38679
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə görə, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
İstehlakçıya elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən aşağıdakı hallarda dayandırıla bilər: İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.