Hər bir ölkənin dayanıqlı inkişafında enerji təhlükəsizliyinin təmin olunması ilk sırada gəlir. Çünki enerji təhlükəsizliyinə nail olmadan iqtisadi inkişafdan, iqtisadi inkişaf təmin olunmadan ümumi inkişafdan bəhs etmək mümkün deyil. Son illərdə inkişaf etmiş ölkələrin enerji istehsalında bərpa olunan mənbələrdən istifadəyə daha çox yer verilməsi isə enerji seqmentində daha dayanıqlı və təmiz istehsalın həcmini artırmaqdadır. Təsadüfi deyil ki, bu gün dünyada karbohidrogenlərin hasilatı ilə məşğul olan enerji şirkətləri ilə bərabər “Google”, “Facebook”, “Amazon” kimi texnologiya nəhəngləri də bu enerji növünə investisiyalar edir.
Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb, nəticədə, muxtar respublikamız enerji idxalçısından ixracatçısına qədər böyük bir yol qət edib. Diyarımızın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkanlar açıb, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunub. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib.
Hamımıza məlumdur ki, muxtar respublikanın təbii-cografi şəraiti burada bir sıra bərpa olunan enerji mənbələrindən istifadə üçün əlverişli şərait yaradır. Məsələn, günəşli günlərin sayının çox olması son illərdə muxtar respublikada yeni günəş elektrik stansiyalarının yaradılmasına imkan verib. İlk dəfə olaraq 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 2 meqavat, 2020-ci ildə isə 3 meqavat gücündə Günəş elektrik stansiyalarının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bu sahədə görülən işlərin davamı kimi ötən il Şərur rayonunda 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası, həmçinin Culfa rayonunda muxtar respublikada ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı görülən işləri yüksək qiymətləndirərək deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Bir məsələni də vurğulamaq lazımdır ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin hamısı müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur Günəş Elektrik Stansiyasının açılış mərasimində bu haqda deyib: “...Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur ki, bunun da 5-i su, 3-ü isə günəş elektrik stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur. Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır”.
Muxtar respublikanın energetika sistemində görülən işlər bu gün də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında və gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işləri davam etdirilir, eyni zamanda Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb və lazımi ölçmə işləri aparılır. Culfa rayonunda da yeni külək turbinlərinin quraşdırılması üçün ərazinin seçilməsi və layihələndirmə işləri davam etdirilir. Bundan əlavə, ötən il Şərur rayonunda istifadəyə verilmiş və ilkin layihə gücü 5 meqavat olan yeni Günəş Elektrik Stansiyasının istismara verildiyi ərazidə gücü 3 meqavat olacaq yeni Günəş Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir.
Xidmətin 2021-ci ilin yekunlarına dair digər məlumatına görə, ötən il elektrik stansiyalarında 444 804 006 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 129 570 936 kilovat-saatı və ya 29,13 faizi su elektrik stansiyalarında, 264 438 160 kilovat saatı və ya 59,45 faizi istilik elektrik stansiyalarında, 50 794 910 kilovat-saatı və ya 11,42 faizi Günəş elektrik stansiyalarında istehsal edilib. 2021-ci il ərzində alternativ və bərpa olunan enerji mənbələrində 180 365 846 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 40,55 faizini təşkil edir.
Bu gün dünyada elektrik enerjisinə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir. Çünki bərpa olunan enerji mənbələri atmosferə atılan karbon emissiyalarının azaldılmasında mühüm rol oynayır. Muxtar respublikada elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi qlobal iqlim dəyişikliyinə də ən böyük töhfədir.
Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti