Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışına baxış keçirib.
Qeyd edək ki, artıq 12 ildən çoxdur istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərini, çoxəsrlik adət-ənənələri gənclərə aşılamaqla, ailələrdə yaşadılan milli dəyərləri əl işlərinə köçürüb yaşatmaq və həmçinin onlara maddi dəstək göstərməkdir. Sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır. Sərgidə ümumilikdə 431 müəllifin 10787 adda əl işi nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, 10 gün davam edəcək sərgiyə sentyabrın 29-da start verilib.