Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində tədbir keçirilmişdir.

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 05 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamət üzrə bəndlərin icrasının həyata keçirilməsi məqsədilə qarşıda duran vəzifələrlə əlaqədar və 2023-cü ilin qış mövsümünə hazırlığın başa çatması ilə bağlı iclas keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Abbasovun sədrliyi ilə keçirilən tədbirdə Xidmətin məsul əməkdaşları, elektrik şəbəkələrinin və elektrik stansiyalarının direktorları iştirak etmişlər.

 


       Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Abbasov tədbiri giriş sözü ilə açaraq
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 05 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqaməti üzrə 2023-cü ildə nəzərdə tutulan bəndlərinin icrası, yerinə yetirilmiş işlər barəsində geniş məlumat vermiş, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin 11 sentyabr 2023-cü il 28 №-li əmrinə əsasən elektrik şəbəkələrində və elektrik stansiyalarında mövsümə hazırlıqla bağlı “Tədbirlər planı”nın hazırlandığını bildirmiş, payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.

 

     Qeyd edilmişdir ki, bu gün dövlətin, respublika rəhbərliyinin dəstəyini daha çox hiss etməyə başlayırıq. Məlumdur ki, bu il əmək haqlarımız hiss olunacaq dərəcədə qaldırılmışdır. Ehtiyat hissələrinin alınmasını, təmirlərin aparılmasını, yenidənqurma işlərini, yeni layihələrin icrasını gələn ildə daha çox şahidi olacağıq.

     Proqramda ötən dövr ərzində nəzərdə tutulan görülmüş işləri barəsində cədvəl üzrə məlumatlar verilmişdir.

    Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti son dövrlər istifadə etdiyi müasir elektrik enerjisi təchizatı sistemlə­rini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə amilləri istehlakçıların fa­siləsiz enerji təminatına daha az təsir et­sin.

     Paylayıcı şə­bəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılmasının da xüsusi diqqətdə saxlandığı, eyni zamanda keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması, fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüdüyü barədə məlumat verilmişdir.

     Xidmətin Elektrik stansiyaları və şəbəkələri şöbəsinin müdiri Miryunis Seyidov elektrik stansiyalarının fəaliyyətinin daha da dayanıqlı olmasını təmin etmək məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarında növbədənkənar təftişin başa çatması, qışa hazırlıqla bağlı görülmüş işlər haqqında stansiya və şəbəkələrdən yazılı hesabatların göndərildiyini qeyd etmişdir.

     Şöbə müdiri Dövlət Proqramında nəzərdə tutulmuş 20 kəndin 10 və 0,4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulmasının icrası olaraq artıq 5 kəndin təqdimatının verildiyi və 2024-cü ilin əvvəlindən digər kənd məlumatlarının da sürətlə hazırlanmasını aidiyyəti şəxslərdən istəmişdir.

      Eyni zamanda struktur bölmələrin Xidmətin Aparatının Həmkarlar İttifaqı Komitəsi ilə kollektiv müqavilələrinin dəqiqləşdirilməsinin və digər işlərin zəruriliyini qeyd etmişdir

 

 

      Tədbirdə çıxış edən Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin direktoru Yunis Əliyev qeyd etmişdir ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər hələ yay aylarında həyata keçirilmişdir. Artıq Yüksəkgərginlikli Elektrik Şəbəkəsində mövsümi xarakterli işlərin görülməsi tədricən tarixə qovuşur. Belə ki, həyata keçirdiyimiz yenidənqurma və bərpa işləri keyfiyyətlə aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərli olur.

 

     Yunis Əliyev növbətçi dispetçerlərin stabil olaraq, bütün rejimlərə və şəraitə həmişə hazır olmalarını da qeyd etmişdir. Qeyri-sabit hava şəraiti və temperaturun aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının yüklənməsinə baxmayaraq, Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin yarımstansiyalarında hər hansı çətinliklərin yaranmasının gözlənilmədiyi və bütün imkanların səfərbər edildiyini bildirmişdir.       

     Daha sonra çıxış edən Kəngərli rayon Elektrik Şəbəkəsinin direktoru Rövşən Məmmədov, Araz Su Elektrik Stansiyasının direktoru Şəmil Əmirov çıxış edərək 2023-cü ilin qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icra olunacağı barəsində məlumatlar verdilər.

 

     Naxçıvan şəhər Elektrik şəbəkəsinin direktoru Ələkbər Kərimov bildirdi ki, iş olan yerdə nöqsanlar, çatışmazlıqlar da olur, abunəçilərin çağırışlarına operativ cavab verilməsi, nasazlıqların aradan qaldırılması o qədər də asan məsələ deyil. Bu gün muxtar respublika üzrə elektrik enerjisinin verilmədiyi yaşayış məntəqəsi, başqa sözlə desək işığı yanmayan yer yoxdur. Bütün bunlara əməkdaşlarımızın gecə-gündüz səfərbər olması sayəsində nail olmuşuq. Bizdə "iş saatı qurtardı, evə getdik" söhbəti yoxdur. Qəza olan vaxtlar səhərə qədər iş başında oluruq, çağırışlara operativ yanaşırıq,  qəzaları təxirəsalınmadan aradan qaldırırıq.  

     Xidmətin Elektron İdarəetmə və informasiya şöbəsinin müdiri Sərvin Əliyev rəhbəri olduğu şöbənin cari il üçün fəaliyyətindən bəhs etdi, eyni zamanda xəritə üzərində enerji  sisteminin işlənməsi üçün şöbə tərəfindən yeni proqram təminatının hazırlandığını bildirdi. Şöbənin əməkdaşı İlham Zeynalov proqramın ilkin variantını tədbir iştirakçılarına təqdim etdi.

      Sonda 2023-cü ilin qış mövsümünə hazırlıqla bağlı mövcud vəziyyətin mütamadi olaraq təhlil edilməsi,  baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün operativ işlərin aparılması və istehlakçıların qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisindən sayğacdankənar  istifadə edilməsi hallarına qarşı mütəmadi reydlərin keçirilməsinin də xüsusi diqqətdə saxlanılması, mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən qəza briqadalarının işinə nəzarətin gücləndirilməsi, növbətçi briqadaların müvafiq nəqliyyat vasitələri ilə təmin olunması, qış mövsümü ilə bağlı təsdiq etdikləri tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. 

         

      Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti elektrik enerjisi istehlakçılarına çatdırır ki, muxtar respublika ərazisindəki abonentlərimiz hər hansı bir nasazlıqla bağlı dərhal fasiləsiz fəaliyyət göstərən aşağıdakı yerli çağrı bömələrimizə müraciət edə bilərlər. 24 saat xidmət göstərən yerli ”Qəza-təmir briqadaları”nın operativ müdaxiləsi nəticəsində baş verən nasazlıqlar xarakterinə görə ən mümkün qısa vaxt ərzində aradan qaldırılacaqdır.

  1. Naxçıvan şəhəri – (036) 5452436, (036) 5458109, (060) 3757519

  2. Babək rayonu - (036) 5513902, (060) 3757550

  3. Ordubad - (036) 5570248, (036) 5570123

  4. Culfa rayonu - (036) 5460616, (060) 3757598 

      Əbrəqunus kəndi - (036) 5463005       

  5. Şahbuz rayonu - (036) 5430368

  6. Kəngərli rayonu - (036) 5480143, (060) 3757554

      Qarabağlar kəndi-(036) 5487521, (060) 3757569

  7. Şərur rayonu - (036) 5422606 ; (036) 5422911

  8. Sədərək rayonu - (036) 5490625