“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərdən biri də Naxçıvanda elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır.
Dövlət Proqramının “Elektrik stansiyalarının mərhələli olaraq əsaslı təmir edilməsi” bəndinə əsasən 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyasında ehtiyat hissələrinin alınması, eyni zamanda qaz porşenli mühərrik aqreqatlarında 64 000 saatlıq ekvivalent işləmə saatlarına görə əsaslı təmir işləri aparılır. Bu məqsədlə 8 milyon manat vəsait ayrılıb.
Dövlət Proqramının müvafiq bəndinin icrası istiqamətində avadanlığın istehsalçısından sifariş edilmiş ehtiyat hissələrinin bir qismi alınıb gətirilib.
Stansiyada 2 və 6 nömrəli mühərriklərdə əsaslı təmir işləri başa çatdırılıb, haliyədə 7 nömrəli mühərrikdə təmir işləri davam edir. Növbəti mərhələdə 1, 5, 9 və 10 nömrəli mühərrik aqreqatlarında ekvivalent işləmə saatlarına görə əsaslı təmir işləri aparılacaqdır.