İlk öncə Vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Energetika Xidməti rəisinin müavini Məhərrəm Abbasov tədbiri giriş sözü ilə açaraq bayram günü münasibətilə hər kəsi təbrik etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində qazanılan,düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən möhtəşəm qələbə, işğaldan azad edilən torpaqlarımızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün əbədi olaraq bərpası və bu ilin sentyabrında cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə bağlı əsas məqamlara toxundu. Çıxışlar zamanı bidirilidi ki, 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Daha sonra çıxış edənlər o dövr üçün öz xatirələrini bölüşdülər.