Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində, xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edən Energetika Xidmətinin rəisi Namiq Paşayev tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri uzaqgörənliyin və seçimin alternativsizliyinin bariz nümunəsi kimi nəinki ümümilli liderin etimadını doğruldub, hətta Azərbaycan xalqının əbədi inamını və sarsılmaz dəstəyini qazanmışdır.
Sonda İlham Əliyevin tarixi missiyasını, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasətlə addım-addım qoyulan məqsədlərə nail olmasını və son nəticədə torpaqlarımızın işğaldan azad olunmasını əks etdirən “İlham” sənədli filminin nümayişi olub.