Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Yeni Günəş Elektrik Stansiyası Naxçıvanda yaşıl texnologiyaların inkişafına böyük diqqətin nəticəsidir

Bu gün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin hər biri dayanıqlı enerji təhlükəsizliyinə malikdir. Xüsusilə enerji istehsalında bərpa olunan mənbələrdən istifadə edilməsi bu gün dünya enerji sektorunda yeni seqment kimi hər gün öz əhəmiyyətini daha da artırmaqdadır. Təsadüfi deyil ki, ABŞ, Almaniya, Finlandiya, Norveç, Danimarka, Yaponiya və Çin kimi ölkələr bu sahədə qabaqcıl yer tuturlar. Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının  təbii-coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü aktual məsələ kimi önə çıxarıb. Son illərdə bu sahədə ciddi addımlar atılıb, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilib. 

Qeyd edək ki, keçən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, ötən dövr ərzində muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar hazırda bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb, nəticədə, muxtar respublikamız enerji idxalçısından enerji ixracatçısına çevrilib. Diyarımızın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan verib, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə edilib. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Təsadüfi deyil ki, muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin artıq 50 faizi bərpa olunan enerji mənbələrinin payına düşür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına cari il may ayının 10-da etdiyi səfəri zamanı burada enerji təhlükəsizliyi ilə bağlı görülən işləri yüksək qiymətləndirib, bərpa olunan enerji mənbələrindən istifadə edilməsini regionun ekoloji vəziyyətinə töhfə kimi dəyərləndirib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Bəli, bu gün muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılır. Xüsusilə su elektrik stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da sayı artır. Naxçıvanda günəşli günlərin sayının çox olması bu tip stansiyaların gücündən istifadəni daha da aktuallaşdırıb. 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 2 meqavat, 2020-ci ildə isə 3 meqavat gücündə Günəş Elektrik stansiyalarının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bu sahədə görülən işlərin davamı kimi bir neçə gün bundan əvvəl – mayın 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: “Naxçıvanın muxtariyyət tarixi iki dövrə bölünür: müstəqillik illərinə qədərki və müstəqillik illərindən sonrakı dövr. Hər iki dövrdə muxtar respublikada sənayenin inkişaf etdirilməsi üçün elektrik enerjisinə böyük ehtiyac olub. Sovet İttifaqı ilə İran dövləti arasında bağlanmış müqaviləyə əsasən gücü 22 meqavat olan Araz Su Elektrik Stansiyası qurulub istifadəyə verilmişdir. 1990-cı illərin hadisələri muxtar respublikaya ağır zərbələr vurdu, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvana gələn bütün kommunikasiyalar kəsildi. Naxçıvan elektriksiz qaldı. Ötən illərdə muxtar respublikada elektrik enerjisi ilə təminat sahəsində bir sıra işlər görülmüşdür. Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur ki, bunun da 5-i su, 3-ü isə Günəş Elektrik Stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur. Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır”.
Qeyd edək ki, Şərur Günəş Elektrik Stansiyası kənd təsərrüfatına yararsız 7,9 hektar ərazidə qurulub. Stansiyanın qurulmasında 15 min 180 müasir “şüşə-şüşə” tipli günəş panellərindən, hər birinin gücü 50 kilovat olan 100 invertordan, 5 ədəd 35/0,4 kilovoltluq transformatordan, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiyadan istifadə olunub. Həmçinin burada alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, müasir siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin edilib.
Yeni istifadəyə verilmiş Günəş Elektrik Stansiyası Şərur rayonunun elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malik olacaqdır. Rayonun elektrik enerjisinə olan illik tələbatı 75 milyon kilovat-saata yaxındır. Bunun 10 faizini illik istehsal gücü 7,5 milyon kilovat-saat olan yeni stansiya ödəyəcək.
Şərur Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikamızda əlamətdar hadisələrdən biri kimi dəyərləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “bərpa olunan enerjidən istifadə hər bir ölkənin inkişaf göstəricisidir” fikirləri bu stansiyanın istifadəyə verilməsində bir daha öz təsdiqini tapır. Bununla yanaşı, yeni Günəş Elektrik Stansiyasının fəaliyyətə başlaması digər maraqlı tərəfləri ilə də diqqət çəkir. Belə ki, yeni stansiya muxtar respublikanın energetika sisteminin yenilənməsində müasir dövrün çağırışlarına uyğunlaşmanın diqqət mərkəzində saxlanıldığını göstərir. Eyni zamanda təmiz enerji istehsal etdiyinə görə ekoloji mühitə, həmçinin əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına öz töhfəsini verir.
Məlum olduğu kimi, muxtar respublikada indiyədək istifadəyə verilən Günəş Elektrik stansiyalarının qurulması İsveçrənin “Pure Energy Development” SARL şirkətinə həvalə olunub. Şərur Günəş Elektrik Stansiyasının açılış mərasimində şirkətin icracı direktoru Mişel Kaleraminin: “… Mən çox ölkələrdə işləmişəm. Lakin Naxçıvanda işləmək çox güvənli və asandır. Şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik” sözləri həm də bu dövrdə Naxçıvanın etibarlı tərəfdaş kimi tanınmasında böyük rol oynayıb.
Bəli, energetika sektoru artıq Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişaf etmiş sahəsinə çevrilib. Bu sektor təkcə yaşıl texnologiyaların inkişafına deyil, həm də büdcəyə gəlirgətirən, əhali məşğulluğunu təmin edən mühüm strateji təsərrüfat subyektidir.

 Səbuhi HƏSƏNOV